Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalılar viran qəbirlərin axtarışında

0

  •                  Bəşər tarixində ən
    dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə
    bərabər, həm də işğal altında qalan torpaqlarda dəfn edilmiş əzizlərinin
    məzarlarının həsrətilə göz yaşları tökürlər. Aylarla erməni blokadasında
    yaşayan xocalılar son anadək düşmənlərə qarşı layiqli mübarizə apardılar. Ancaq
    mənfur qonşularımız havadarlarının köməyinə arxalanaraq 1992-ci il fevral
    ayının 25-dən 26-na keçən gecə Xocalıda bənzəri görünməmiş soyqırım aktı törətdilər.
    Quduzlaşmış erməni quldurları 366-cı motoatıcı alayın ağır texnikaları ilə dinc
    sakinləri atəşə tutaraq qocalara, qadınlara, körpələrə aman vermədilər. Qarlı,
    şaxtalı qış gecəsində meşələrə, çöllərə pərən-pərən olan insanların qarşısını
    kəsərək onları əsir götürdülər, dözülməz işgəncələrlə qətlə yetirdilər. O
    müdhiş gecədən salamat çıxa bilən Xocalı sakinləri Ağdamda Cümə məscidininin
    önündə doğmalarından, qohum-əqrabalarından xəbər almaq üçün gözləyirdilər.
    Ağdamın Cümə məscidinə gətirilən yüzdən artıq Xocalı şəhidləri Ağdamın Şəhidlər
    Xiyabanında və “Uzundərə” qəbiristanlığında dəfn edildilər. Müharibə və
    köçkünlük şəraitində qəbir daşı qoymağa macal olmadığı üçün şəhidlərimizin
    yaxınları onları yalnız sıralarına və nişanələrinə görə tanıya bilirdilər.
    Ancaq ermənilərin torpaqlarımıza təcavüzü davam etdi. Azğınlaşmış düşmən Ağdamı
    da işğal planına sala bildi.

    Başı
    müsibətlər çəkmiş xocalılar qaysaq bağlamayan yaraları ilə köçkünlük illərində
    Xocalının meşələrində, çöllərində qalmış və Ağdamda dəfn edilmiş şəhidlərimiz
    üçün Xocalı soyqırımı abidələrini ziyarət edərək göz yaşı tökdülər. İtkin
    düşmüş, meşələrdə, çöllərdə şəhid olmuş doğmalarının ruhlarına Xocalı soyqırımı
    abidələri önündə dualar oxumaqla az da olsa rahatlıq tapa bildilər. Ancaq hər
    kəsdə ümid var idi ki, tezliklə torpaqlarımızı düşmən tapdağından azad
    edəcəyik, qisasımızı alacağıq və şəhidlərimizin ruhlarının dolaşdığı torpaqlara
    qovuşacağıq. Vətən Müharibəsində Xocalı cəlladlarının da məhv edilməsi ilə bu
    arzumuza, amalımıza yaxınlaşdıq. Zəfər gününü qürur hissi ilə qeyd edən
    xocalılar ilk öncə Xocalı soyqırımı abidələrini ziyarət edərək bu dəfə şəhidlərimizin
    ruhlarına qələbə müjdəsini çatdırmağa tələsdilər.

    Şükürlər
    olsun ki, bu gün azad olunmuş torpaqlarımıza səfərlər təşkil edilir,
    həmvətənlərimiz doğma dədə-baba torpaqlarını ziyarət edirlər. Belə səfərlərdən
    biri oktyabr ayının 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
    Komitəsinin təşkilatçılığı ilə bir qrup Xocalı sakininin Ağdamın Şəhidlər
    Xiyabanına ziyarət etməsi oldu. Goranboy rayonu ərazisində məcburi köçkünlər
    üçün salınmış Yeni Yaşayış massivindən yola çıxan avtobusda yer alan xocalılar
    işğaldan azad olunmuş torpaqlarımıza qayıtmağın həyəcanını yaşayır, eyni
    zamanda doğmalarının viran edilmiş qəbirlərini tapa biləcəyi ümidini özlərində
    saxlayırdılar. Bu müqəddəs səfərə çıxdıqları üçün sevinc hissi keçirən hər kəs
    yaxşı bilir ki, doğma torpaq həsrətilə nə qədər insan vaxtsız-vədəsiz dünyasını
    dəyişdi. Yol boyu dağıdılmış, talan olunmuş yurd yerlərimizi seyr etmək çox
    ağrılı idi. Yolçular arasında tanınmaz hala düşən kəndlərin adlarının
    müəyyənləşdirilməsi üçün arabir kiçik mübahisə düşür, erməni vandalları
    lənətlənir, bir-birinə xarabalığa döndərilmiş evləri göstərərək Xocalılı,
    Ağdamlı xatirələrindən və döyüş yollarından söhbət açırdılar. Xocalılar üçün
    Ağdam da Xocalının özü qədər doğma, əziz və müqəddəsdir. Çünki Ağdam torpağında
    yüzlərlə Xocalı şəhidi uyuyur. Şanlı Ordumuzun hünərini, Müzəffər Ali Baş
    Komandanımızın qətiyyətini mədh edən ziyarətçilər şəhidlərimizin ruhlarına
    dualar oxuya-oxuya nəhayət, Ağdamın Şəhidlər Xiyabanına çatdılar. Ağdam
    torpağına ayaq basan xocalılar bir gözü Xocalıya tərəf asıla-asıla qəbirlərə
    yaxınlaşdılar. Təbii ki, onlar burada dəfn edilmiş şəhidlərimizin və Kətik
    dağında, Xocalı çöllərində məzarsız qalmış şəhidlərimizin ruhlarına ilk dəfədir
    ki, bu qədər yaxın olurdular. Dağıdılan qəbirləri tanımaq olduqca çətindir.
    Bəziləri doğmalarından nişanələr tapsalar da, sonradan tərəddüd edir,
    yanlışlığa yol verməkdən çəkinirdilər. Sağa-sola gedən izdiham içində səslər
    eşidilir: “Bax, Zöhrənin qəbri bu olmalıdır...Amma, deyəsən qəbrin başı
    tərəfində ağac əkilməmişdi...”,  digər sakinimiz torpağın içindən bir
    bəzəkli qırmızı qotazı taparaq “Bu qotazı tanıyıram, öz əlimlə toxuyub
    qardaşımın nişanəsinə bağlamışdım, amma ola bilsin ki, külək götürüb bu səmtə
    gətirib, yanıla da bilərəm” deyir. Bəziləri tam əmin olmasa da, doğmalarının
    dəfn edildiyi qəbirləri aydınlaşdıra bildilər. Ancaq qəbirlərin yerlərini
    xatırlaya və tanıya bilməyənlər də oldu. Axırda belə nəticəyə gəlindi ki,
    burada bütün qəbirlər doğma və əzizdir. Qəbirlərin kimə aid olduğunu tam dəqiqləşdirmək
    üçün DNT testi edilməsi vacibdir. Əgər yanılırıqsa, şəhidlərimizin ruhları bizi
    yəqin ki, bağışlayar. Necə ki, onları illərdir düşmən tapdağında qoyduğumuzu,
    ziyarətlərinə gəlmədiyimizi bağışladıqları kimi...

    Sonda
    Xocalı sakinləri Ağdam Cümə məscidinə gələrək xalqımıza qələbə sevincini
    yaşadan şəhidlərimizin ruhuna dualar oxudular. Nikbin əhval-ruhiyyə ilə
    yekunlaşan ziyarətdə xocalıların qeyrət rəmzi, şəhidlərimizin cənnət
    guşəsi olan Xocalıya qayıdacaqlarına olan inamı, qələbə ruhu daha da artdı.

    Qalib BƏYMƏMMƏDOĞLU,

    "Xocalının səsi" qəzetinin redaktoru

      
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaDigər
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib48 dəfə
    Xocalılar viran qəbirlərin axtarışında

    Maraqlı gələ bilər
    73
    29
    43
    88